"Azərkosmos” ASC 2024-cü ilin yanvar ayında peyklərin kommersiya istismarından $1,4 milyon məbləğində gəlir əldə edib, bu da 2023-cü ilin yanvar ayının göstəricisindən 22,2% azdır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir
Yanvar ayı ərzində Agentlik 42 ölkəyə telekommunikasiya və optik peyk xidmətləri ixrac edib. Həmçinin, cəmiyyətin xidmətlərinin əsas həcmi Böyük Britaniya ($367,3 min), Lüksemburq ($335,3, min), BƏƏ ($74,2 min), Almaniya ($71 min) və Pakistanın ($69,5 min) payına düşüb.
O cümlədən, gəlirlərin 75%-i telekommunikasiya və optik peyk xidmətlərinin paylna düşüb.
Xəbər verildiyi kimi, “Azərkosmos” ASC 2023-cü ildə peyklərin kommersiya istismarından $19,8 milyon məbləğində (2022-ci ilin göstəricisindən -25,6%) gəlir əldə edib.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 2023-cü ilin aprel ayında istismar müddətindən 1 il daha tez missiyasını başa çatdırıb.
“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb. **
B.Rüstəmbəyov