Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi Tomas Bager ilə görüşüb. Görüş zamanı Bakı və Berlin əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar müzakirə olunub.
Azərbaycan XİN-dən məlumat verilir ki, tərəflər Azərbaycanla Almaniya arasında münasibətlərin əhəmiyyətini vurğulayıb, münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.
“Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı və digər platformalar çərçivəsində ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının qəbuledilməz olduğu Azərbaycan tərəfindən bildirilib”, - məlumatda deyilir.
XİN-dən məlumat verilir ki, Almaniya tərəfi Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri, aparılmış sonuncu danışıqlar barədə məlumatlandırılıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin, eləcə də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin geniş əməkdaşlıq imkanları yaratdığı qeyd olunub.
“Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - XİN-dən əlavə olunub. **
R.Kərimov