Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Panamanın xarici işlər naziri Janaina Tevaney ilə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.
Cümə günü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində keçirilən görüşdə nazirlər iqtisadi tərkib daxil olmaqla əməkdaşlığın müxtəlif aspektlərini müzakirə ediblər.
«Tərəflər Azərbaycanın və Panamanın coğrafi baxımından bir-birindən uzaq regionlarda yerləşməsinə baxmayaraq, iki ölkə arasında iqtisadi, nəqliyyat, investisiyalar, alternativ enerji, mədəniyyət, humanitar və digər sahələr üzrə əməkdaşlığın inkişafı üçün imkanların mövcudluğundan bəhs ediblər”, - Azərbaycan XİN-dən məlumat verilir.
Bu istiqamətdə potensialın həyata keçirilməsi üçün iki ölkə arasında siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi qeyd olunub. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Bayramov həmçinin Tevaneyi Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə məlumatlandırıb.
Öz növbəsində, Tevaney məlumat verib ki, Panama ətraf mühitin qorunması, karbon emissiyasının sıfra endirilməsi sahəsində geniş təcrübəsini bölüşməyə hazırdır.
“Belə təmasların iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi baxımından faydalı olduğu vurğulanıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - Azərbaycan XİN-dən vurğulanır. **
B.Rüstəmbəyov