Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2024-cü ildə COP29 konfransının ölkəmizdə keçirilməsi Azərbaycanın “yaşıl” gündəliyini nümayiş etdirir.
“COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir”, - Əliyev cümə günü Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışında bildirib.
Prezident 2024-cü ildə COP29 konfransının Azərbaycanda keçirilməsinin vacibliyini qeyd edib.
Həmçinin, o vurğulayıb ki, müvafiq qərar qəbul olunan kimi (COP29 konfransının Azərbaycanda keçirilməsi ilə bağlı - İF) ölkəmiz müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldı.
“İqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. Bizə buna görə hücum edilməməlidir, biz təqdir edilməliyik. Biz heç bir yanlış iş görməmişik, lakin qərar qəbul olunan kimi bizə qarşı dərhal əlaqələndirilmiş, konsolidasiya olunmuş və çox ədalətsiz hücum edildi. Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik”, - Azərbaycan lideri əlavə edib. **
R.Əhmədov