“Abşeron” yatağının işlənilməsinin ikinci fazası çərçivəsində qaz hasilatı illik 4-5 milyard kubmetr qaz təşkil edəcək, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq. Bu barədə prezidemt İlham Əliyev bəyan edib.
“Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Biz orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq”, - Əliyev cümə günü Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı bildirib.
Dövlət başçısı vurğulayıb ki, ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. “Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir”, - o qeyd edib.
Həmçinin prezidemt qeyd edib ki, Azərbaycan hökumətinin “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planları var. “Potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar”, - dövlət başçısı əlavə edib.
“Bütün bu planlar tamamilə realdır, onlar müfəssəl təhlilə, məlumata, informasiyaya və bizim maliyyə resurslarına, habelə investorlarla razılaşmalarımıza əsaslanır. Layihələrin bəziləri investorlarla birlikdə icra olunacaq, bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcək. Bütün bunlar onu göstərir ki, potensial var və artmaqdadır”, - Əliyev deyib.
Prezident əlavə edib ki, uzun illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və “bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün” Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi. **
N.Abbasova