Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüş keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” Azərbaycan XİN-ə istinadən xəbər verir.
Görüşdə Azərbaycan-Slovakiya ikitərəfli münasibətlərinin hazırkı səviyyəsindən razılıq ifadə olunub, bu əlaqələrin daha da inkişaf etdirilməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.
“İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin, enerji və alternativ enerji sahəsində əməkdaşlığın, qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi üçün Azərbaycan və Slovakiyanın birgə səylərini artırmasının vacibliyi vurğulanıb”, - məlumatda qeyd olunur.
O cümlədən,, diplomatlar Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, Cənubi Qafqaz regionunda mövcud vəziyyəti müzakirə ediblər.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.**
X.Nəsirzadə