Rəsmi Bakının Ermənistandan gözləntiləri məsələnin tam hüquqa əsasən həlli, yalnız sözdə deyil, real olaraq, sənəd və qanunlara istinadən, qarşılıqlı ərazi bütövlüklərinin tanınması şərti ilə sülh müqaviləsinin razılaşdırılması və qəbul edilməsidir. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində bildirib.
Nazir vurğulayıb ki, sülh müqaviləsi davamlı olmalıdır ki, gələcəkdə hansısa açıq suallar yaratmasın.
"2021-ci ilin yanvar ayından Azərbaycan Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımlar atmağa başlayıb. 2022-ci ildə Azərbaycan vacib əhəmiyyətə malik olan 5 baza prinsipini elan edib. Həmin 5 baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən müsbət dəyərləndirilib. Azərbaycan tərəfindən hazırlanan və qarşı tərəfə təqdim olunan sənəd layihəsi də həmin o prinsiplər üzərində qurulub, beynəlxalq hüququn normalarına uyğun şəkildə formalaşır", - Bayramov vurğulayıb.
Azərbaycan XİN başçısı qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə nümayəndə heyətlərinin görüşlərinin vacib əhəmiyyəti var.
Onun sözlərinə görə, 28-29 fevral tarixlərində Berlində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin qörüşündən əvvəl 7 ay ərzində sülh sazişi üzrə danışıqlar bu cür tərkibdə keçirilməyib.
Bayramov vurğulayıb ki, son dövrlər sülh danışıqlarında müsbət dinamika müşahidə olunur.
“Bundan sonra əsasən mətn və layihələrin bir-birinə ötürülməsi qeydə alının. İstənilən halda bu prosesdə fiziki görüşlərin vacib əhəmiyyəti var. Son dövrlər bu istiqamətdə müsbət dinamika müşahidə olunur. İlk olaraq mən Münxen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti və Ermənistan baş nazirinin Almaniya kanslerinin təşəbbüsü ilə görüşünü qeyd etmək istərdim. Ümumilikdə biz görüşü müsbət qiymətləndiririk. Və həmin o görüşdən sonra xarici işlər nazirlərinin görüşü barədə qərar qəbul olundu", - nazir deyib. **
V.Əliyev