ABŞ-ın vitse-prezidenti Kamala Harris Qəzza zolağında dərhal atəşkəsə və humanitar yardımın həcminin artırılmasına çağırıb.
“Qəzzadakı fəlakətin miqyasını nəzərə alaraq ən azı növbəti altı həftə ərzində dərhal atəşkəsin əldə edilməsi vacibdir və hazırda bu məsələ müzakirə olunur”, - deyə K.Harris Selma şəhərində (Alabama ştatı) çıxışı zamanı bildirib.
O vurğulayıb ki, HƏMAS atəşkəs istədiyini iddia edir.
“Danışıqlar masasında bir razılaşma var və HƏMAS buna razılıq verməlidir. Gəlin atəşkəsə nail olaq və Qəzza əhalisinə dərhal kömək edək”, - deyə vitse-prezident qeyd edib.
Harris, həmçinin İsrail hökumətini Qəzza zolağına humanitar yardım axınını artırmağa çağırıb.
“Həqiqət budur ki, hazırda Qəzzaya kifayət qədər yardım daxil omur. İsrail hökuməti yardım axınını əhəmiyyətli dərəcədə artırmaq üçün daha çox iş görməlidir”, - deyə o bildirib.*