Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkov bu gün Azərbaycana səfəri çərçivəsində Bakıda bildirib ki, Sofiya Azərbaycan qazının Qərbi Balkan ölkələrinə və Avropanın digər hissəsinə tranzitini artıra bilər.
“O, Bakıda qeyd edib ki, ölkəmiz (Bolqarıstan – İF) həm Qərbi Balkan ölkələrinə, həm də Avropaya qaz tranzitini artırmaq imkanına malikdir”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Bolqarıstan Milli Radiosuna (BNR) istinadla xəbər verir.
Parlamentin spikeri xatırladıb ki, daha əvvəl Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz nəqli operatorları ilə SOCAR arasında Anlaşma Memorandumu imzalanıb. O əlavə edib ki, Bolqarıstan-Serbiya interkonnektorunun (IBS) işə salınması Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verir.
“Azərbaycan enerji təhlükəsizliyinin artırılması və regional və Avropa miqyasında enerji resurslarının şaxələndirilməsinə nail olunması səylərində Bolqarıstanın əsas tərəfdaşıdır”, – deyə Jelyazkov bildirib.
Hazırda Bolqarıstan Azərbaycanla qaz alışı haqqında müqavilə bağlamış 6 Avropa ölkəsindən biridir.*
Хəbərlər şöbəsi