Martın 4-də Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovla danışıqlar aparıb.
Görüşdə dövlətlərarası münasibətlərin inkişafında enerji sahəsində əməkdaşlığın əsas yer tutduğu vurğulanıb. Bundan başqa, tərəflər nəqliyyat və digər sahələrdə əməkdaşlığın vacibliyini qeyd ediblər.
S.Qafarova təəssüflə vurğulayıb ki, bir sıra parlament təşkilatları Azərbaycana qarşı ikili standartlar nümayiş etdirir. O, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsinin ikili standartlardan başqa bir şey olmadığını qeyd edib.
Bolqarıstanın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu deyən Jelyazkov bildirib ki, gələcəkdə Bolqarıstan şirkətləri də Qarabağda aparılan yenidənqurma və bərpa işlərində iştirak edə bilər. Onun sözlərinə görə, bu ilin sonunadək Bakı şəhərində baş tutacaq VI Hökumətlərarası Komissiya çərçivəsində biznes forumun keçirilməsi planlaşdırılır.
Xalq Məclisinin sədri AŞPA-da təmsil olunan Azərbaycan parlament nümayəndə heyətinin quruma geri qayıtması məsələsinə toxunaraq qeyd edib ki, Bolqarıstan qurumda Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin yenidən ratifikasiya olunmasını dəstəkləyir”, - deyə Milli Məclisin mətbuat xidmətindən bildirilib.*
R.Əhmədov