Rusiyanın baş naziri Mixail Mişustin 5-6 mart tarixlərində Azərbaycan Respublikasına səfər edəcək. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Mişustinin Prezident İlham Əliyev və baş nazir Əli Əsədovla görüşləri planlaşdırılıb”, - deyə məlumatda bildirilir.
Görüşlər zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. “Enerji, nəqliyyat, sənaye, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək”, - deyə məlumatda qeyd olunub.
Bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanması planlaşdırılır.
Hökumət aparatından vurğulayıblar ki, Azərbaycan Rusiyanın aparıcı xarici iqtisadi tərəfdaşlarından biridir. Ölkədə Rusiyanın iştirakı ilə 1,4 mindən çox müəssisə var ki, onlardan 300-ə qədəri tamamilə Rusiya kapitalına malikdir. “KAMAZ” PSC, “LUKOIL” PSC, “R-Farm” ASC və “Metrovaqonmaş” SC tərəfindən birgə iri layihələr həyata keçirilir. 2023-cü ildə Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları $295 milyon təşkil edib (Böyük Britaniya, Türkiyə və Kiprdən sonra 4-cü yer).
İki ölkə arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilir. Azərbaycan və Rusiya Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən Qərb marşrutunu birgə inkişaf etdirir. Rusiya Federasiyası və Azərbaycan Respublikası hökumətləri arasında dövlət sərhədindən buraxılış məntəqələrinin razılaşdırılmış inkişafı məqsədilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında saziş həyata keçirilir.*
Xəbərlər şöbəsi