ABŞ-ın vitse-prezidenti Kamala Harris və İsrail hərbi kabinetinin üzvü Beni Qantz Qəzzada humanitar vəziyyəti və 6 həftəlik müvəqqəti atəşkəsi müzakirə ediblər. Bu barədə Ağ Ev məlumat yayıb.
“Vitse-prezident girovlarla bağlı razılığın əldə olunmasının aktuallığını müzakirə edib və İsrailin girovlarla bağlı danışıqlara konstruktiv yanaşmasını alqışlayıb. O, HƏMAS-ı girovların azad edilməsinin altı həftə ərzində dərhal atəşkəsə səbəb olacağı və bütün Qəzzada humanitar yardımın həcminin artırılmasına imkan verəcək təklif olunan şərtləri qəbul etməyə çağırıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Harris “Qəzzada humanitar vəziyyət və Qəzzanın şimalında yardım karvanı ilə bağlı son dəhşətli faciə ilə əlaqədar dərin narahatlığını” ifadə edib.
Bundan başqa, Harris və Qantz Rəfahdakı vəziyyəti və “orada hər hansı böyük hərbi əməliyyatı nəzərdən keçirməzdən əvvəl etibarlı və həyata keçirilə bilən humanitar planın hazırlanmasının zəruriliyini” müzakirə ediblər.
Ağ Ev qeyd edib ki, Harris İsraili ABŞ və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək, Qəzzaya humanitar yardım axınını artırmaq və ehtiyacı olanlara təhlükəsiz şəkildə paylanmasını təmin etmək üçün əlavə tədbirlər görməyə çağırıb.
Harris, həmçinin HƏMAS-ın oktyabrın 7-də törətdiyi terror aktını bir daha pisləyib. O, ABŞ-ın İsrailin özünümüdafiə hüququna dəstəyini bir daha təsdiqləyib və ölkəsinin İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini vurğulayıb.
Vaşinqtona səfəri zamanı Qantzın prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerklə də görüşü nəzərdə tutulub.
Çərşənbə axşamı Qantz ABŞ dövlət katibi Antoni Blinkenlə görüşəcək.
Bundan sonra o, Londona yola düşəcək, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron və digər rəsmi şəxslərlə görüşəcək.*