2023-cü il ərzində Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaiti hesabına güzəştli kredit almaq məqsədilə sahibkarlar tərəfindən SİF-ə daxil olan ümumilikdə 3,518 min müraciətə baxılıb, müraciətlərin 3420-si müsbət qiymətləndirilib.
SİF-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, sahibkarlar tərəfindən SİF-ə daxil olan müraciətlərin 98-nə və ya təqdim edilmiş layihələrin ümumi sayının 2,8%-nə (2022-ci ildə 9,8%, 2021-ci ildə 14,8%, 2020-ci ildə 17,4%) müxtəlif səbəblərdən imtina verilib.
2023-cü ildə müraciətlərin ümumi kredit tələbatı 226,8 milyon manat, o cümlədən müsbət qiymətləndirilmiş müraciətlər üzrə 203,2 milyon manat olub.
2023-cü ildə SİF tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verilib. 2022-ci ildə 145,9 milyon manat, 2021-ci ildə 130,6 milyon manat, 2020-ci ildə 126,9 milyon manat kredit verilib.
Beləliklə, 2023-cü ildə fondun kreditləri hesabına müsbət qiymətləndirilmiş layihələrin ümumi dəyərinin 42,1%-i maliyyələşdirilib, 2022-ci ildə bu göstərici 36,5%, 2021-ci ildə 45,4%, 2020-ci ildə 51,7% təşkil edib.
Hesabat dövründə SİF-in xətti ilə verilmiş orta kredit məbləği 59 min manat təşkil edib. 2020-ci ildə bu göstərici 140 min manat, 2021-ci ildə 69 min manat, 2022-ci ildə 54 min manat olub.
Orta kredit məbləğinin artırılması ayrılmış kredit vəsaitinin müddətinə də təsir göstərib. 2023-cü ildə orta kredit müddəti 3,8 il, 2022-ci ildə 4,2 il, 2021-ci ildə 4,5 il, 2020-ci ildə isə 6,5 il təşkil edib.
2023-cü ildə verilmiş kreditlərin ümumi həcminin 176,6 milyon manatı (bütün kreditlərin 91,1%-i) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb. 2022-ci ildə bu göstərici 143,4 milyon manat (98,3%), 2021-ci ildə 115 milyon manat (88,1%), 2020-ci ildə 108,8 milyon manat (85,7%) təşkil edib.*
R.Əhmədov