Sahibkarlığın İnkişafı Fondu (SİF) 2023-cü ildə Ağdam rayonunda sahibkarlıq subyektlərinin layihələrinin maliyyələşdirilməsinə ümumilikdə 11,47 milyon manat məbləğində güzəştli kredit verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SİF-dən məlumat verilib.
Kreditlər 4 layihənin maliyyələşdirilməsinə ayrılıb.
“BafCo Invest” MMC-yə 6 milyon manat məbləğində güzəştli kredit verilib. Şirkət ayaqqabı və poliuretan tipli müxtəlif təyinatlı çəkmələrin istehsalını təşkil etməyi planlaşdırır. Müəssisənin illik istehsal gücü 291 min cüt ayaqqabı və 121,3 min cüt poliuretan çəkmədir. Layihənin ümumi dəyəri 10 milyon manat, yeni iş yerlərinin sayı 120-dir.
“Mister Decor” MMC-yə 2 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Layihənin məqsədi divar kağızları istehsalı sahəsinin yaradılmasıdır. Müəssisənin illik istehsal gücü 825,552 min rulon divar kağızı təşkil edəcək. Layihənin ümumi dəyəri 7,5 milyon manat, yeni iş yerlərinin sayı 75-dir.
“Prof-Dam” MMC-yə 2,5 milyon manat məbləğində güzəştli kredit verilib. Layihənin məqsədi dam örtükləri, dam aksesuarları və sendviç panel istehsalının təşkilidir. Layihənin ümumi dəyəri 6,6 milyon manat, yeni iş yerlərinin sayı 20-dir.
“Metkons” MMC-yə 970 min manat məbləğində güzəştli kredit verilib. Layihənin məqsədi havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalının təşkilidir. Layihənin ümumi dəyəri 3 milyon manat, yeni iş yerlərinin sayı 45-dir.*
B.Rüstəmbəyov