Azərbaycan və Qazaxıstan enerji sahəsində strateji tərəfdaşlığa dair saziş imzalamağı planlaşdırır.
“Qazaxıstana səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov bu ölkənin energetika naziri Almasadam Satkaliyev ilə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafında enerji sahəsində əməkdaşlığın xüsusi rolu qeyd edilib. Bundan başqa, Azərbaycan və Qazaxıstanın Energetika nazirlikləri arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş layihəsinin hazırlanması ilə bağlı məsələlər barədə də fikir mübadiləsi aparılıb”, - deyə Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Nazirlər Qazaxıstan neftinin Azərbaycandan keçməklə çoxistiqamətli tranziti üzrə praktiki addımlar atılması, bu xüsusda Bakı-Tbilisi-Ceyhan kəməri ilə illik 1,5 milyon ton neftin nəqli ilə bağlı razılaşmanın həyata keçirilməsi, tədarük həcminin tədricən artırılması istiqamətində SOCAR və “KazMunayQaz” arasında əməkdaşlığı yüksək qiymətləndiriblər.
Görüşdə, həmçinin elektrik enerjisinin Mərkəzi Asiyadan Azərbaycana, buradan isə Avropaya ixracı ilə bağlı Azərbaycan-Qazaxıstan-Özbəkistan arasında üçtərəfli görüş zamanı əldə edilmiş razılaşmaya uyğun işlərin gedişatı da nəzərdən keçirilib. Qafqaz regionu və Mərkəzi Asiyanın enerji sistemlərini sualtı kabel vasitəsilə əlaqələndirən layihənin texniki-iqtisadi əsaslandırma (TİƏ) prosesinə başlanması məqsədilə görüləcək tədbirlər müzakirə edilib”, - deyə məlumatda qeyd olunub.*
N.Abbasova