Rusiya sərhədçilərinin Ermənistanın Zvartnots hava limanından çıxarılması barədə heç bir qərar verilməyib. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Bu barədə heç bir qərar olmayb. Rəsmi kanallar vasitəsilə heç kim bu qərarları bizə çatdırmayıb”, - Peskov “Znaniye. Perviye" maarifləndirici marafon çərçivəsində mühazirə ilə çıxışında bildirib.
O, Ermənistan parlamentinin spikeri Alen Simonyanın “Rusiya öz sərhədçilərini Zvartnots hava limanından çıxarmalıdır” açıqlamasına münasibət bildirərkən deyib.
"Biz MDB strukturları, AİB strukturları çərçivəsində bütün istiqamətlərdə işləyirik. İkitərəfli münasibətlər səviyyəsində bir sıra mühüm layihələr həyata keçiririk və bundan sonra da həyata keçirəcəyik", - Peskov vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Ermənistanla münasibətlərin xüsusi xarakterini yüksək qiymətləndirir. "Ölkələrin münasibətlərində, insanların münasibətlərində olduğu kimi, müxtəlif dövrlər olur. Ən yaxın qonşularda münasibətlərin gərgin dövrü ola bilər. Amma burada siyasi iradə tələb olunur, bizim tərəfimizdən bu var, iki ölkə liderlərinin konstruktivliyi və uzaqgörənliyi var. Bizim tərəfimizdən də var", - mətbuat katibi deyib.
«Əminəm ki, bütün bu çətinliklər keçəcək», - Peskov yekun vurub. **