Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ilə görüş zamanı tərəflərin əməkdaşlıq perspektivləri, regiondakı vəziyyət və Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə edib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
“Görüşdə iki ölkə arasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, bölgədəki cari vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb”, - “İnterfaks-Azərbaycan” XİN-ə istinadən xəbər verir.
Bildirilir ki, “iki ölkə arasında bütün səviyyələrdə strateji müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi istiqamətində səylərdən məmnunluq ifadə olunub” və “Azərbaycan-Türkiyə strateji müttəfiqlik gündəliyinin siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, nəqliyyat və kommunikasiya, humanitar, təhsil, mədəniyyət və digər sahələr üzrə daha da genişləndirilməsinin vacibliyi qeyd olunub”.
Bayramov qarşı tərəfi “Azərbaycan Ermənistan arasında sülh prosesi istiqamətində atılan son addımlar barədə məlumatlandırıb və “bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialardan əl çəkməsinin vacibliyini vurğulayıb”.
XİN-dən əlavə olunub ki, görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
R.Kərimov