Cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” sərəncam imzalayıb.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi, həmin məntəqələrin yaradılması işlərinə sahibkarlıq subyektlərinin cəlb edilməsi məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Hökumət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Energetika Nazirliyinin, “Azərenerji” ASC-nin və “Azərişıq” ASC-nin təklifləri əsasında elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerləri bir ay müddətində müəyyən etməlidir.
O cümlədən, Nazirlər Kabinetinə elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması, zəruri infrastrukturun yaradılması, habelə həmin məntəqələrin dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC və “Azərenerji” ASC tərəfindən müvafiq tədbirlər görülməsini təmin etmək tapşırılıb. Bu tədbirlərin həyata keçirilməsi məqsədilə “Azərenerji” və “Azərişıq”ın təklifləri əsasında cari ilin və növbəti ilin dövlət büdcəsindən müvafiq vəsait ayrılması üçün tədbirlər görmək tapşırılır.
Sərəncamın mətni cümə axşamı dövlət başçısının saytında dərc olunub. **
N.Abbasova