Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov arasında görüş keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan”a DTA-dan məlumat verilib.
Görüşdə Nağıyev Rusiya vətəndaşlarının 2023-cü ildə Azərbaycana gələn ziyarətçilərin 30%-ni təşkiletdiyini qeyd edib.
"Rusiya Azərbaycan üçün vacib turizm bazarıdır. İki ölkə arasında turizm sahəsində əməkdaşlığın böyük potensialı mövcuddur", - Nağıyev bildirib.
O, 5 mart tarixində Bakıda “2024-2026-cı illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında turizmin inkişafına dair Yol Xəritəsi”nin bu istiqamətdə mühüm imkanlar ehtiva etdiyini bildirib.
Bundan başqa, DTA sədri “Şahdağ” Turizm Mərkəzinin və Rusiyanın “Roza Xutor” qış mərkəzinin də daxil olduğu Avrasiya Dağ Kurortları Alyansı çərçivəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Öz növbəsində, Reşetnikov qeyd edib ki, pandemiyadan əvvəlki rəqəmlər tam bərpa olunmasa da, 2023-cü il statistikasına əsasən Azərbaycanın rusiyalı turistlərin üz tutduğu ölkələr sırasında birinci yerdə qərarlaşıb.
“İkitərəfli turizm əlaqələrinin inkişafı üçün geniş potensial mövcuddur. MDB ölkələrinə turlar təşkil edən Rusiya turoperatorların fəaliyyətini stimullaşdıracaq qanun layihəsi digər ölkələrlə yanaşı, Azərbaycanla da tərəfdaşlıq əlaqələrinin güclənməsinə təkan verəcək”, - Reşetnikov vurğulayıb.
Görüşdə Rusiya ilə müntəzəm olaraq həyata keçirilən birbaşa uçuşlar, Moskvada Azərbaycanın turizm nümayəndəliyinin açılması, Xəzər dənizində kruiz turizminin inkişafı potensialı, qış turizmi üzrə əməkdaşlıq, Azərbaycanın turizm imkanlarının Rusiyada tanıdılması, investisiya imkanları, aparılan geniş marketinq və tanıtım kampaniyası, turizm sənayesi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər üzrə fikir mübadiləsi aparılıb. **
X.Nəsirzadə