ABŞ Prezidenti Co Bayden cümə günü amerikalı hərbçilərə humanitar yardımın qəbulu üçün Qəzza zolağında müvəqqəti limanın tikintisi üzrə missiyaya başçılıq etməklə bağlı göstəriş verdiyini elan edib.
“Bu gün ABŞ Ordusuna Qəzza zolağının sahilində Aralıq dənizində müvəqqəti körpünün yaradılması üzrə təcili missiyaya başçılıq etməklə bağlı göstəriş vermişəm. Bu körpü ərzaq, su, dərman vasitələri və müvəqqəti sığınacaqların tikintisi üçün materiallar daşıyan iri gəmiləri qəbul edə biləcək”, - deyə o, Konqresdə çıxışı zamanı bildirib.
Baydenin sözlərinə görə, bu liman Qəzza zolağına hər gün daxil olan humanitar yardımın həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
O əlavə edib ki, anklavda amerikalı hərbçilər olmayacaq.
Eyni zamanda, ABŞ Prezidenti İsraili Qəzzaya böyük həcmdə humanitar yardımın çatdırılmasına icazə verməyə və humanitar işçilərin təhlükəsizliyini təmin etməyə çağırıb.
“Humanitar yardım ikinci dərəcəli amil ola bilməz”, - deyə o, İsrail hakimiyyətinə müraciətində bildirib.*