İsrail Müdafiə Qüvvələrinin ilkin araşdırması fevralın 29-da israilli hərbçilərin Qəzza şəhərində humanitar yardım almaq üçün gəlmiş çoxlu sayda fələstinlinin həlak olması ilə nəticələnən humanitar karvana atəş açmadığını müəyyən edib. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, yalnız əsgərlərə yaxınlaşaraq onlar üçün təhlükə yaradan bir neçə Qəzza sakininə atəş açılıb.
Hərbçilər hadisənin baş vermə səbəblərini araşdırmağa davam edir və Qəzza zolağına humanitar yardımın çatdırılmasının vacibliyini qeyd edirlər.
Xatırladaq ki, fevralın 29-da Qəzza zolağında 100-dən çox fələstinli humanitar yardım gözləyərkən həlak olub. Fələstin səhiyyə orqanları İsrail hərbçilərini dinc sakinlərə atəş açmaqda ittiham edir. İsrail Müdafiə Ordusu isə fələstinlilərin əksəriyyətinin yaranmış izdiham nəticəsində öldüyünü bildirir.*