Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa çalışır, lakin əsas məsələlərdə fikir ayrılıqları qalmaqdadır. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin “TRT World” telekanalına müsahibəsində deyib.
“Azərbaycanla müvəqqəti barışığı deyil, daimi sülhün əldə olunması prosesini, sülh sazişi layihəsini müzakirə edirik. Biz bir çox məsələlərdə razılığa gələ bildik, lakin əsas məsələlərdə tərəflərin mövqeləri hələ də fərqlidir”, - deyə o bildirib.
Mirzoyanın sözlərinə görə, Ermənistan Bakı və İrəvanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıdığı 1991-ci il tarixli Alma-Ata bəyannaməsini sülh sazişi layihəsinə daxil etmək istəyir.
O, həmçinin qeyd edib ki, bu məsələdə Bakı və Ankaranın mövqeləri eyni olduğu üçün Türkiyə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində vasitəçi ola bilməz.*