Əlahiddə Ümumqoşun Ordunun aidiyyəti üzrə ümumqoşun birləşmələri ilə 2024-cü tədris ilinin ilk ikitərəfli komanda-qərargah təlimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Müdafiə Nazirliyinə istinadla xəbər verir.
“Təlimdə əsas diqqət düşmənin radioelektron vasitələrinin güclü təsiri altında ümumqoşun, eləcə də tabeliyə verilən və dəstəkləyən bölmələrin qısa müddətdə gizli olaraq müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, düşmənin təxribat-diversiya fəaliyyətinin qarşısını alıb, qəfil fəaliyyətlərinə imkan vermədən preventiv zərbələrlə hücum əzmini qırmağa yönəldilib”, - deyə məlumatda bildirilir.
Təlimə cəlb olunan mexanikləşdirilmiş, tank, artilleriya, hava hücumundan müdafiə, Hərbi Hava Qüvvələri və xüsusi təyinatlı bölmələr verilmiş tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gələrək ümumqoşun bölmələrinin qarşısında duran tapşırıqların icrasına əlverişli şərait yaradıblar.
Təlimin gedişində xüsusi təyinatlı bölmələrin vasitəsi ilə vizual müşahidə aparılıb, şərti düşmənin döyüş mövqeləri və yaxın dərinlikdəki vacib obyektləri qiymətləndirilib. Verilən döyüş tapşırığına əsasən xüsusi təyinatlılar tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə və komanda-idarəetmə məntəqəsinə basqınlar keçirilib.
Xüsusi təyinatlı bölmələr mövqeləri və vacib obyektləri ələ keçirdikdən sonra yaxınlaşma yollarında şərti düşmənin ehtiyatlarına pusqular quraraq məhv ediblər.*
X.Nəsirzadə