Birləşmiş Ştatlar İsrailə dəstəyi davam etdirəcək. Onun Amerikanın dəstəyindən məhrum olacağı “qırmızı xətlər” yoxdur. Bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Mən İsraili heç vaxt tək qoymayacağam. İsrailin müdafiəsi əvvəlki kimi həlledici əhəmiyyət kəsb edir. Buna görə də heç bir “qırmızı xətt” yoxdur”, - deyə o, “MSNBC” telekanalına müsahibəsində bildirib.
Ağ Evin rəhbəri vurğulayıb ki, İsrailin baş naziri Benyamin Netanyahunun İsraili müdafiə etmək və HƏMAS-ı təqib etməyə davam etmək hüququ var. Eyni zamanda, Netanyahunun günahsız insanların ölümü ilə nəticələnən addımlarının səhv olduğunu deyən Bayden onun buna daha çox diqqət yetirməli və nəticələrini nəzərə almalı olduğunu bildirib.
“Fikrimcə, bu, İsrailə kömək etməkdən daha çox zərər verir”, - deyə Bayden qeyd edib.*