Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket sistemləri F-35 qırıcıları ilə bağlı layihənin həyata keçirilməsi kontekstində Ankara-Vaşinqton münasibətlərində əvvəlki kimi problemli məsələ olaraq qalır. Bunu ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk NTV telekanalının efirində deyib.
Onun sözlərinə görə, bu təyyarələrlə bağlı məsələ Türkiyə xarici işlər naziri Hakan Fidanın mart ayında Birləşmiş Ştatlara səfəri zamanı gündəmə gəlib.
“Daha əvvəl də deyildiyi kimi, S-400-lər hələ də problem olaraq qalır. Bunun həlli yolunu tapmaq istəyirik. Dövlət katibinin müavini Viktoriya Nuland bununla bağlı öz təkliflərini irəli sürmüşdü. Biz bu problemi həll etmək istəyirik, lakin hələ uğur əldə etməmişik”, - deyə amerikalı diplomat bildirib.
O, həmçinin iki ölkə arasında Suriya ilə bağlı fikir ayrılığının olduğunu deyib. Səfir qeyd edib ki, Türkiyə İslam Dövlətinə qarşı müharibədə vacib müttəfiqdir.
“Türkiyə və Amerika Şimali Suriya ilə bağlı hər zaman eyni fikirdə deyil, lakin bölgədə sülhü təmin etmək və İslam Dövlətinin mövcudluğuna son qoymaq üçün ölkələrimiz digər mövzularda əməkdaşlıq yolları axtarır”, - deyə Fleyk vurğulayıb.
Onun sözlərinə görə, son aylarda ABŞ və Türkiyə arasında münasibətlər yaxşılaşıb. Səfir əlavə edib ki, iki ölkə arasında dialoq üçün yeni ümumi mövzular yaranıb.
Qeyd edək ki, Ankara Rusiya ilə S-400 zenit-raket komplekslərinin alınması haqqında müqavilə bağladıqdan sonra Vaşinqton Türkiyəni F-35 proqramından çıxarıb. Ankara ABŞ-ın “Patriot”un xeyrinə Rusiya sistemlərindən imtina etməsi tələbi ilə razılaşmayıb.*
V.Əliyev