“GL” ASC bazar ertəsi Bakı Fond Birjasında 0,5 milyon manat məbləğində istiqraz yerləşdirib.
“İnterfaks-Azərbaycan”a BFB-dən məlumat verilib ki, emissiya bir qiymətli kağızın nominal dəyəri 1000 manat olan 500 ədəd istiqraza bölünüb.
İstiqrazlar üzrə illik gəlirlilik 12%, faiz ödəniş dövrü 30 gündən bir, tədavül müddəti isə 5 ildir.
BFB-nin məlumatına görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib. Hərracın yekunları üzrə istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 500 min manat təşkil edib
İstiqrazların ödəmə tarixi 11 mart 2029-cu ildir.
“GL” istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaitləri fəaliyyətinin, o cümlədən Gəncə və Sumqayıtda filialların genişləndirilməsinə yönəldəcək.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.
“GL” ASC 2016-cı ilin iyun ayında dövlət qeydiyyatına alınıb. Şirkətin səhmdarı bir fiziki şəxsdir. “GL” daşınar әşyaların girov qoyulması müqabilindә kreditlәrin verilmәsini hәyata keçirir. Nizamnamə kapitalı 254,635 min manata bərabərdir. 2023-cü il iyun ayının sonuna ASC-nin aktivləri 43,4 milyon manat, kredit portfeli 35,7 milyon manat, öhdəlikləri 37,8 milyon manat məbləğində qiymətləndirilir. 2023-cü ilin 6 ayının yekunları üzrə şirkətin xalis mənfəəti 2,2 milyon manata yaxın təşkil edib. **
R.Əhmədov