2024-cü ilin yanvar-fevral ayında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 5 milyard 303 milyon 733,478 min manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 2,4 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
1 milyard 510 milyon 976,841 min manat (artım 64,4%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 756 milyon 383,944 min manat (artım 68,1%) olub. İlkin bazarda 497 milyon 332,902 min manatlıq, təkrar bazarda 259 milyon 51,042 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 754 milyon 592,897 min manat (artım 1,6 dəfə) təşkil edib. İlkin bazarda 525 milyon 849,297 min manatlıq, təkrar bazarda 228 milyon 743,6 min manatlıq not yerləşdirilib.
Yanvar-fevralda BFB-nin ümumi dövriyyəsində 319 milyon 632,278 min manat (artım 4 dəfə) korporativ bazarın, o cümlədən 173 milyon 806,898 min manat ilkin bazarın, 145 milyon 825,38 min manat təkrar bazarın payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 174 milyon 95,721 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 144 milyon 339,992 min manat, səhmlərin yerləşdirilmə həcmi1 milyon 196,565 min manat təşkil edib.
Hesabat aylarında BFB-nin ümumi dövriyyəsində 3 milyard 473 milyon 124,359 min manat repo əməliyyatlarının (artım 2,9 dəfə) payına düşüb.
BFB-nin məlumatına görə, fevralın sonuna birjanın kapitallaşması 5 milyard 768 milyon 811,684 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonuna olan göstəricidən 15,4% çoxdur.
Xəbər verildiyi kimi, 2023-cü ildə BFB-də bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 27 milyard 335 milyon 355,405 min manat təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 1,8 dəfə çoxdur.**
X.Nəsirzadə