Bazar ertəsi Bakıda Azərbaycan ilə Qazaxıstan arasında yüksək səviyyəli danışıqların yekunlarına dair sənədlər paketi imzalanıb.
Azərbaycan liderinin saytında məlumat verilir ki, sənədlər Azərbaycan prezidenti İlham Əliyevin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə imzalanıb.
Xüsusilə, Azərbaycanın SOCAR və Qazaxıstanın “KazMunayQaz” şirkətləri arasında iki sənəd: “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında Memorandum” və “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında Saziş” imzalanıb.
“KazMunayQaz” şirkətinin məlumatına görə, Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında saziş Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu ilə Qazaxıstan neftinin daşınmasının həcminin ildə 2,2 milyon tona çatdırılmasını nəzərdə tutur.
«Bu Saziş çərçivəsində tərəflər Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu ilə nəql tariflərinin aşağı salınması, habelə Bakı-Supsa marşrutu ilə Qazaxıstan neftinin nəqli məsələlərinin müzakirəsini davam etdirəcəklər», -«KMQ»-nin press-relizində deyilir.
Şirkət xatırladır ki, 2022-ci ildə “KMQ” və SOCAR arasında Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu ilə illik 1,5 milyon ton həcmində neftin tranziti haqqında saziş imzalanıb.
«Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında Memorandum sonradan SOCAR-ın neft emalı zavodlarında emalı məqsədilə, həmçinin regional və qlobal bazarlarda sonrakı treydinq üçün Qazaxıstan neftinin alqı-satqısı üçün ümumi şərtlər və prinsipləri müəyyən edir», - məlumatda deyilir.
«Bu gün imzaladığımız sənədlər Qazaxıstan neftinin dünya bazarlarına daşınması nöqteyi-nəzərdinnə şirkətlərimiz arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə əlavə töhfə verir», - Qazaxıstan şirkətinin press-relizində «KMQ-nin idarə heyətinin sədri Maqzum Mirzaqaliyevin sözlərinə istinad olunur.
Xəbər verildiyi kimi, ötən həftə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev arasında görüş zamanı müxtəlif marşrutlarla Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzit həcmlərinin artırılması məsələləri müzakirə predmeti olub.
Həmçinin, Azərbaycan və .azıstan arasında energetika sahəsində strateji tərəfdaşlığa dair sazişin imzalanması planlaşdırılır.
2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Həmin göstərişə uyğun olaraq “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında “Tengiz” yatağından hasil edilən neftin ildə 1,5 milyon tonunun Bakı–Tbilisi–Ceyhan kəməri ilə nəqlini nəzərdə tutan saziş imzalanıb. Qazaxıstan iki il ərzində Transxəzər marşrutu üzrə neft tədarükünün həcmini 3 milyon tona çatdırmaq niyyətindədir. **
N.Abbasova