Energetika Nazirliyinin 2024-cü ilin yanvar-fevral ayları üzrə operativ məlumatlarına əsasən, Azərbaycanda 4,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,9% azdır.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, hesabat dövründə respublika üzrə neft hasilatının 2,7 milyon tonu “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunun (azalma 12,9% - İF) payına düşüb ki, bu da 2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycan üzrə bütün hasilatın 56,3%-ni təşkil edir.
2024-cü ilin yanvar-fevral aylarında “Şahdəniz” yatağından 0,7 milyon ton kondensat (2023-cü ilin yanvar-fevral aylarındakı səviyyədə - İF), SOCAR üzrə 1,3 milyon ton neft (kondensatla birlikdə, bütün neft hasilatının 27,1%-i, 2023-cü ilin yanvar-fevral aylarındakı səviyyədə qalıb – İF), “Abşeron” yatağından 0,096 milyon ton kondensat hasil edilib.
Hesabat dövründə 3,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub (azalma 4,9%). Bunun 0,5 milyon tonu SOCAR-ın (artım 63,9% - İF), 3,4 milyon tonu isə AÇG blokundan hasil edilən neftin və “Şahdəniz” yatağından hasil edilən kondensatın (azalma 10,5% - İF) payına düşüb.
Ölkədə neftin emalı 2024-cü ilin yanvar-fevral ayları üzrə 1,1 milyon tona yaxın (2023-cü ilin yanvar-fevral aylarındakı səviyyədə qalıb) təşkil edib.
Nazirlikdən bildirilib ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 mart 2024-cü il tarixinədək blokdan 587,5 milyon ton neft, “Şahdəniz”dən isə 45,2 milyon ton kondensat çıxarılıb ki, bunun da 630,7 milyon tondan çoxu ixraca nəql edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda 30 milyon 189,6 min ton neft (kondensatla bilikdə) hasil edlib ki, bu da 2022-ci ilin göstəricisindən 7,5% azdır.
Hökumət 2024-cü ildə ölkədə neft hasilatını 29 milyon 492,3 min ton həcmində proqnozlaşdırır.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb. Yeni müqavilə çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir. 2023-cü ilin dekabr ayında SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak payının alınmasına dair saziş imzalanıb. İştirak payının alınmasına dair əqd tərəflərin bir sıra öhdəlikləri yerinə yetirməsindən sonra başa çatmış hesab olunacaq.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), “Cənub Qaz Dəhlizi” QSC (21,02%) və NICO şirkətidir (10%).
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.*
N.Abbasova