Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərinə səfər ediblər. Bu barədə Qazaxıstan liderinin saytında məlumat verilib.
Səfər zamanı prezidentlər dağıdılmış yerlərə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Baş planda şəhərin yeni siması, gələcək inzibati mərkəz, şəhər parkı və digər vacib obyektlərin layihələri yer alıb.
“Dövlət başçılarına məlumat verilib ki, hazırda burada genişmiqyaslı tikinti-bərpa işləri aparılır. 2023-cü ilin may ayında şəhərdaxili küçə-yol şəbəkəsinin və su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması sistemlərinin təməli qoyulub, eləcə də Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı olub”, - deyə məlumatda qeyd olunub.
Hazırda Füzulidə 38 çoxmərtəbəli bina, o cümlədən inzibati binalar inşa edilir.*
X.Nəsirzadə