Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.
Qazaxıstan liderinin saytında verilən məlumata görə, Mərkəz Tokayevin təşəbbüsü ilə çox qısa müddət ərzində inşa edilib və qazax xalqının qardaş Azərbaycan xalqına hədiyyəsidir.
“Bu, Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir. Mənim şəxsi göstərişimə əsasən “BI Group” özəl şirkəti bu hədiyyəni səmimi-qəlbdən, bütün xalqın adından təqdim edir. Zənnimcə, bu obyekt şübhəsiz ki, ölkələrimiz arasında rifahın, bütün əlaqələrin, hərtərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacaq. Sizə uğurlar, tərəqqi arzulayıram. Heç bir şübhə yoxdur ki, Azərbaycanın müqəddəs regionu güclü inkişaf edəcək”, - deyə Tokayev Füzuli sakinləri ilə söhbətində bildirib.
Əliyev Tokayevə və bütün Qazaxıstan xalqına təşəkkürünü bildirib. “Sizə bu qardaş hədiyyəsinə görə təşəkkürümü bildirmək istəyirəm. Azad olunmuş torpaqlarda Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması Sizin şəxsi təşəbbüsünüzdür. Ötən dəfə - ilyarım əvvəl Azərbaycana səfəriniz zamanı bu Mərkəzin təqdimatı oldu və bir il ərzində Mərkəz tikildi, bu gün onun rəsmi açılışıdır. Mərkəz qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyır. Dünən biz Sizinlə danışırdıq ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq. Bu təşəbbüsə görə səmimi-qəlbdən minnətdarıq. Bu, bütün azərbaycanlıların yaddaşında qalacaq”, – deyə Azərbaycan Prezidenti qeyd edib.
Hər iki ölkənin liderləri Mərkəzdə yeni kabinetlərə, siniflərə, zallara və yaradıcılıq studiyalarına baxış keçiriblər.
Mərkəzin təməli 2023-cü ilin mart ayında qoyulub. Layihələndirmə işləri 3 ay ərzində həyata keçirilib, tikinti işləri isə 9 ay ərzində başa çatıb.
Mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetiriləcək.
Qazaxıstan Prezidenti Mərkəzin kollektivinə Kurmanqazının çaldığı dombranın surətini və Mərkəzin şagirdlərinin istifadə etmələri üçün avtobus hədiyyə edib.*
R.Əhmədov