Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Qazaxıstan liderinin saytına istinadla məlumat verib.
“Dövlət başçılarına bildirilib ki, 180 çarpayılıq xəstəxana binasının ümumi sahəsi 34 min kvadratmetrdən çox olacaq. Xəstəxanada inzibati bina, qəbul, terapiya, kardiologiya, nevrologiya, cərrahiyyə, travmatologiya-ortopediya, oftalmologiya, otorinolorinqologiya, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək”, - deyə məlumatda bildirilir.
Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından, təcili tibbi yardım stansiyasından, gigiyena və epidemiologiya mərkəzindən ibarət olacaq.
“Xəstəxananın Qazaxıstan inşaatçıları tərəfindən tikilməsi planlaşdırılır”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov