Rusiyanın “VERTEKS” şirkəti Azərbaycana əczaçılıq və kosmetika məhsullarının ixracına başlayıb.
“2024-cü ilin fevral ayında Azərbaycan “VERTEKS” üçün yeni bazar oldu. Ölkənin milli tələblərinə uyğun olaraq qeydiyyata alınan, ginekologiya və dermatovenerologiyada istifadə edilməsi üçün nəzərdə tutulan orijinal kombinə olunmuş dərman partiyasının tədarükünə başlanılıb. Bu dərman vasitəsi mart ayında Azərbaycanın apteklərində satışa çıxarılacaq”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi şirkətin məlumatına istinadən bildirir.
Preparatın Azərbaycanda ilkin qeydiyyatı 1,5 il davam edib, daha sonra 3,5 il ərzində qeydiyyat şəhadətnaməsində dəyişiklik edilib, istehsal və Azərbaycana tədarükün təşkilinə isə yarım ildən çox vaxt sərf olunub.
“Şirkət bütün bu proseslərə 4,5 milyon rubla yaxın (cari məzənnə ilə təxminən $50 min – İF) xərc çəkib”, - deyə məlumatda qeyd olunur.
2024-cü ildə “VERTEKS” Azərbaycan bazarında oxşar tərkibə və təsirə malik dərman qrupunda orijinal kombinə edilmiş ginekoloji preparatın payını 10%-ə çatdırmağı planlaşdırır.
Preparat resept əsasında buraxılır. Ümumilikdə Azərbaycanın əczaçılıq bazarında 200-ə yaxın ticarət nöqtəsi olacaq və 2024-cü ilin sonuna qədər onların sayının iki dəfə artırılması planlaşdırılıb. Tədarükün illik həcmi 22 min qablaşdırma təşkil edəcək.
Bundan başqa, şirkət fevral ayından etibarən ALERANA, ASEPTA və “Ginokomfort” ticarət nişanlı kosmetika məhsullarının Azərbaycana tədarükünə başlayıb.
“İstehsalçı ölkədə təqdim olunan məhsulların, o cümlədən dərman vasitələrinin çeşidini genişləndirmək niyyətindədir”, - deyə məlumatda bildirilir.*
N.Abbasova