OPEC 2024-2025-ci illərdə Azərbaycanda orta gündəlik maye karbohidrogen hasilatını təxminən 0,7 milyon barel səviyyəsində gözləyir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.
Hesabata əsasən, 2024-cü ilin yanvar ayında Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı orta hesabla 0,6 milyon barel təşkil edib ki, bu da 2023-cü ilin dekabr ayına olan göstəricidən 8 min barel azdır. 2023-cü ilin yanvar ayı ilə müqayisədə hasilat 86 min barel azalıb.
“Rəsmi mənbələrə görə, yanvarda Azərbaycanda gündəlik orta hesabla 474 min barel neft və 122 min barel kondensat hasil edilib. 2024-cü ildə ölkədə maye karbohidrogen hasilatının təxminən 15 min barel artaraq 0,7 milyon barel səviyyəsində qalacağı proqnozlaşdırılır. Bununla yanaşı, hasilatın qismən "Şahdəniz", "Abşeron" və "Ümid-Babek" qaz-kondensat layihələri hesabına təmin ediləcəyi proqnozlaşdırılır", - OPEK qeyd edir.
“Azərbaycanda AÇG blokunda hasilat həmçinin bu il “Şərqi Mərkəzi Azəri”nin yeddinci platformasının işə salınması ilə təkab almalıdır. Lakin, bunun ümumi azalma tempini dayandırmayacağı (AÇG üzrə neft hasilatını - İF) gözlənilir”, - OPEC vurğulayır.
OPEC 2025-ci ildə Azərbaycanda neft hasilatının təxminən 10 min barel artımını proqnozlaşdırır, lakin orta sutkalıq göstərici dəyişilməz qalacaq – təxminən 0,7 milyon barel səviyyəsində. **
N.Annasova