2024-cü il fevralın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin analoji dövrünə nisbətən 10,1% artaraq 942,4 manat (cari məzənnə ilə $554,35 – İF-Az) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2024-cü il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 933,8 manat ($549,3) olub.
2024-cü il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 725,1 min nəfər (2024-cü il yanvarın 1-nə 1 milyon 741,8 min nəfər) olub. Onlardan 901,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 823,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,2%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5%-i tikinti, 6,3%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i maliyyə və sığorta fəaliyyəti, 14,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.**
R.Kərimov