Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yunanıstanın Bakıda səfərdə olan xarici işlər nazirinin müavini Aleksandra Papadopulunu qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” Azərbaycan XİN-ə istinadən xəbər verir.
Görüşdə tərəflər Azərbaycanla Yunanıstan arasında ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq əlaqələrini, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi və regional məsələləri müzakirə ediblər.
Diplomatlar XİN-lər arasında keçirilmiş siyasi məsləhətləşmələrin münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıblar. Tərəflər siyasi, iqtisadi, ticarət, energetika, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə münasibətləri inkişaf etdirməyin və xalqlarımızın mənafelərinə uyğun əməkdaşlığı genişləndirməyin vacibliyini qeyd ediblər.
“Bayramov siyasi təmaslar ilə yanaşı, Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın işinin intensivləşməsinin zəruriliyini vurğulayıb”, - məlumatda deyilir.
Tərəflər həmçinin iki ölkə arasında energetika sahəsində əməkdaşlığın əhəmiyyətini təsdiqləyərək, Cənub Qaz Dəhlizi, Trans-Adriatik boru kəməri, eləcə də Yunanıstan Bolqarıstan Qaz İnterkonnektoru müstəsna əhəmiyyətini diqqətə çatdırıblar.
Bu xüsusda, Bayramov və Papadopulu iki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlığın regionun inkişafına və sabitliyinə töhfə verəcəyi, qarşılıqlı maraq doğuran digər sahələri də əhatə edəcəyinə əminlik ifadə ediblər.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XİN qeyd edir ki, Azərbaycan və Yunanıstan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev və Yunanıstanın xarici işlər nazirinin müavini Aleksandra Papadopulu iştirak ediblər. Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında ikitərəfli, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövzuları müzakirə olunub. **
X.Nəsirzadə