Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
Görüş zamanı tərəflər payızda Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını -COP29-u müzakirə ediblər.
Görüşdə qlobal və regional gündəlikdə duran məsələlər, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi ətrafında fikir mübadiləsi aparıldı, “ölkəmizin regional sülh gündəliyini dəstəklədiyi qeyd edildi”.
Əliyev sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplərin və sülh müqaviləsinin layihəsinin də məhz Azərbaycan tərəfindən hazırlanaraq təqdim olunduğunu və “ölkəmizin Cənubi Qafqaz regionunda sülh gündəliyini yaxından dəstəklədiyini” diqqətə çatdırdı.
Görüşdə “Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid bir geosiyasi məkan olaraq siyasi, iqtisadi, nəqliyyat, logistika və digər sahələrdə dinamik surətdə inkişaf edən əməkdaşlığı nümunə kimi qiymətləndirildi”, - məlumatda deyilir. Bildirilir ki, “Orta Dəhlizin əhəmiyyətinə toxunularaq, bu xüsusda Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə birgə həyata keçirdiyi layihələrin önəmi qeyd edildi, ölkəmizin Avropanın, xüsusən də Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyinə töhfəsi vurğulandı”.
“Görüşdə Azərbaycanın Avropa ölkələrinə qaz ixracı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı”, - məlumatda qeyd olunur. **
İnformasiya şöbəsi