Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentinin Ermənistanın Avropa İttifaqına üzvlüyünə namizəd statusunun verilməsi imkanlarının nəzərdən keçirilməsini təklif edən qətnamə qəbul etməsini alqışlayıb və münasibətləri dərinləşdirməyə hazır olduğunu bildirib.
“Biz Avropa Parlamentinin qəbul etdiyi qətnaməni alqışlayırıq. Hesab edirəm ki, bu, Ermənistanda ictimai müzakirə mövzusu olmalıdır”, - deyə Paşinyan bu gün hökumətin iclasında bildirib.
O qeyd edib ki, Ermənistan hökumətinin Aİ ilə münasibətlərin bundan sonra da inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində işi davam etdirmək iradəsi var.
Ötən çərşənbə günü Avropa Parlamenti Ermənistanın Aİ üzvlüyünə namizəd statusunun verilməsi imkanlarının nəzərdən keçirilməsini təklif edən və İrəvanın Aİ ilə əməkdaşlığı genişləndirmək səylərinin dəstəklənməsi çağırışının əks olunduğu qətnamə qəbul edib.*