Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Parlamentində qəbul edilmiş “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnaməni əsassız və qərəzli hesab edir.
“Martın 13-də Avropa Parlamentində qəbul edilmiş “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnamə əsassız və qərəzli olmaqla yanaşı, ölkəmizə qarşı növbəti ikili standartların bariz nümunəsidir”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
A.Hacızadə qeyd edib ki, Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə, “sülhün təşviq edilməsi” kimi təqdim olunmasına və guya Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunmasına baxmayaraq, Azərbaycana qarşı bütün faktların saxtalaşdırıldığı qarayaxma kampaniyasının tərkib hissəsidir.
Onun sözlərinə görə, Avropa Parlamentinə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilə əvəzinə Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa, daha faydalı quruma çevrilər.
“Avropa Parlamenti üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, bəyan etdiyi dəyərlərlə heç bir əlaqəsi olmayan bu kimi qətnamələr Avropa Parlamentinin bir qurum kimi rolunu tamamilə heçə endirir”, - deyə A.Hacızadə vurğulayıb.*
R.Kərimov