Prezident İlham Əliyev hesab edir ki, Azərbaycan və Ermənistan sülhə heç vaxt görünmədiyi qədər yaxındır.
“İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq. Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır”, - deyə dövlət başçısı “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib.
Onun fikrincə, “bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.
İ.Əliyev qeyd edib ki, “indi Qarabağ məsələsi artıq bağlanıb, hazırda biz sülhə çox yaxınıq”.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər hazırda bərpa olunub. Biz görürük ki, sülhə nail olmaq olar, biz bunu istəyirik. Biz tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik. İndi isə artıq bu regionda ədavətə son qoymaq vaxtıdır”, - deyə İ.Əliyev əlavə edib.*
R.Əhmədov