Fransada Azərbaycan şairi Natəvanın heykəlinə qarşı vandalizm aktını normal dərk etmək mümkün deyil. Bunu Prezident İlham Əliyev deyib.
“Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Sizə həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi. Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər”, - deyə dövlət başçısı martın 14-də Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktını normal dərk etmək mümkün deyil.
“Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Nə Fransa hökuməti, nə də Evian meriyasının rəsmiləri tərəfindən buna heç bir reaksiya verilmədi. Belə olan halda biz israr etdik ki, bu heykəl oradan təxliyə edilsin. Çünki bunu özümüzə təhqir hesab etdik. Bu, bizi alçaltmaq demək idi. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir. Heykəlin Evian şəhərindən Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edilməsi üçün bizə bir neçə ay lazım oldu və hazırda Natəvanın abidəsi oradadır”, - deyə Əliyev vurğulayıb.
Prezident hesab edir ki, Fransa öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır.*
R.Əhmədov