BMT baş katibinin siyasət üzrə müavini Qay Rayder martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə BMT-nin COP29-un Bakıda keçirilməsində Azərbaycana dəstək verməyə hazır olduğunu deyib.
“COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran Q.Rayder BMT-nin də bu prosesdə Azərbaycana tam dəstək verməyə və ölkəmizlə işləməyə hazır olduğunu deyib”, - deyə Azərbaycan liderinin saytında bildirilib.
İ.Əliyev buna görə öz təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan ilə BMT-nin müvafiq strukturları arasında COP29-un uğurla təşkil olunması istiqamətində artıq səmərəli əməkdaşlıq qurulub və nümayəndə heyətləri yaxından işləyir.
Azərbaycanın sədrlik etdiyi COP29-un builki gündəliyinin iqlim maliyyələşməsi mövzusuna həsr olunduğunu deyən prezident vurğulayıb ki, Azərbaycan bu və digər mövzularda COP-un gündəliyinin irəli aparılması üçün səylərini əsirgəməyəcək.
Q.Rayder BMT baş katibi adından bu ilin sentyabr ayında Nyu-Yorkda “Summit of the future” - “Gələcəyin Sammiti” devizi ilə keçiriləcək tədbirlə bağlı məlumat verib.
Söhbət zamanı BMT Baş Assambleyasının qarşıdan gələn gündəliyi ilə bağlı müzakirələr aparılıb. İ.Əliyev bildirib ki, Azərbaycan BMT-nin davamlı inkişafa aid gündəliyinin irəli aparılmasında fəal üzvlərdən biri kimi bundan sonra da öz dəstəyini və töhfələrini verəcək.
“Görüşdə Azərbaycanın 2026-cı ildə BMT sistemində ən vacib tədbirlərdən biri olan Ümumdünya Şəhərsalma Forumuna da ev sahibliyi edəcəyi xüsusi vurğulanıb”, - deyə məlumatda qeyd olunub.*
R.Kərimov