Azərbaycan Respublikasının baş naziri Əli Əsədov martın 14-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ölkə arasında münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub. Azərbaycan və Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq etdiyi vurğulanıb. Azərbaycanın Albaniyada, Albaniyanın isə Azərbaycanda səfirliklərinin açılması ilə bağlı verilən qərarlar ikitərəfli əlaqələrin yüksək səviyyəsinin təzahürü kimi dəyərləndirilib.
“Görüşdə cari ayın əvvəlində Albaniya baş nazirinin Azərbaycana səfəri çərçivəsində imzalanmış iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Sazişin ticarət-iqtisadi və investisiyaların təşviqi sahələrində əlaqələrin inkişafına təkan verəcəyinə ümidvarlıq ifadə olunub. Enerji sahəsində əməkdaşlığın müsbət nəticələri və bu kontekstdə TAP layihəsinin əhəmiyyəti xüsusi vurğulanıb, Azərbaycan qazının Avropaya təchizatında Albaniyanın tranzit ölkə kimi rolu yüksək qiymətləndirilib”, - deyə məlumatda vurğulanır.
Əsədov və Beqay turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd ediblər.
Söhbət zamanı iki ölkə arasında əlaqələrin qarşılıqlı maraq doğuran sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.*
R.Əhmədov