Bolqarıstan Nazirlər Şurası «Bulgariya Air» aviaşirkətini Sofiya-Bakı birbaşa beynəlxalq reysinin rəsmi aviadaşıyıcısı təyin edib. Bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov məlumat verib.
"Bulgaria Air” şirkəti iki həftədə bir dəfə Sofiya-Bakı-Sofiya marşrutu ilə mütəmadi sərnişin reyslərini həyata keçirməyi planlaşdırır. Bu planlar, eyni zamanda biznes və tranzit sərnişinlər üçün yeni imkanlar açmaqla iki ölkə arasında səyahəti asanlaşdırmaq məqsədi daşıyır", - Azərbaycan səfirinin “X” hesabında dərc etdiyi qərarda deyilir.
«Bu təşəbbüs Bolqarıstan ilə Xəzər dənizi bölgəsi arasında əlaqələrin möhkəmlənməsində irəliyə doğru əhəmiyyətli addım ifadə edir, səyyahlara yüksək əlçatanlıq və rahatlıq təklif edir», - Bolqarıstan Nazirlər Şurası qeyd edir.
«İnterfaks-Azərbaycan»ın verdiyi məlumata görə, Bolqarıstan hökumətinin qiymətləndirməsinə əsasən, müntəzəm hava əlaqəsinin yaradılması ilə iki ölkə «turizm, ticarət və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsindən faydalanacaq».
«Vətəndaşlar daha çox asan səyahətdən zövq alacaqlar, qonşu ölkələrdən gələn tranzit sərnişinlər isə bu yeni hava marşrutunun təklif etdiyi maneəsiz əlaqədən cəlb olunacaq», - Bolqarıstan hökuməti vurğulayır. **
N.Abbasova