Cümə günü Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidan Bakıda görüş zamanı Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf perspektivləri və regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
“Görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərinin inkişaf perspektivləri, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb”, - XİN-in məlumatında deyilir.
Bayramov qarşı tərəfi cari regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, qarşıda duran çağırışlar barədə ətraflı məlumatlandırıb. O, Bakının “mövcud çətinlik və çağırışlara baxmayaraq sülh prosesinin irəlilədilməsində qərarlı olduğunu” qeyd edib.
Cümə günü Bayramov həmçinin Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb. Tərəflər əməkdaşlıq məsələləri və regional vəziyyəti müzakirə ediblər.
Azərbaycan XİN-in məlumatına görə, “görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”. **
R.Kərimov