Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Bakıda rəsmi səfərdə olan Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.
Azərbaycan lideri vurğulayıb ki, iki ölkənin dostluğu və qardaşlığı dərin tarixi köklərə əsaslanır: «Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Bu möhkəm zəmin üzərində dövlətlərarası münasibətlər qurulmuşdur”.
“Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişdik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişdik. Bundan sonra da bu dəstək davam edəcək”, - Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüquq normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz.
“Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş və öz ərazi bütövlüyünü, suverenliyin bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüquq normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiə etmə hüquq tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək öz ərazi bütövlüyünü bərpa etmişdir”, - dövlət başçısı bildirib. **
V.Əliyev