Azərbaycan Respublikasının baş naziri Əli Əsədov ilə Bakıda rəsmi səfərdə olan Gürcüstanın baş naziri İrakli Kobaxidze arasında görüş keçirilib.Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkə arasında fəal siyasi dialoqun aparıldığı, Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədikləri vurğulanıb.
İqtisadi əməkdaşlığın yaxşı dinamikaya malik olduğu məmnunluqla qeyd edilib.
“Bildirilib ki, Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrdən və onun əsas ticarət tərəfdaşlarından biridir.Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri uğurlu regional əməkdaşlıq nümunəsi kimi səciyyələndirilib.Bu kontekstdə Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti xüsusi vurğulanıb. Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə yaradılmaqda olan Avropaya yaşıl enerji körpüsünün bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinə əlavə töhfə verəcəyinə əminlik ifadə olunub”, - məlumatda deyilir.
Görüşdə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə açılan yeni əməkdaşlıq imkanlarına toxunulub, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpasının yük daşımalarının artmasına xidmət edəcəyinə və bütün region ölkələrinə iqtisadi cəhətdən əhəmiyyətli fayda verəcəyinə əminlik ifadə olunub.
Görüşdə iki ölkə arasında əlaqələrin ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və qarşılıqlı maraq doğuran bir çox digər istiqamətlərdə inkişaf perspektivləri müzakirə olunub. **
V.Əliyev