Azərbaycan prezident İlham Əliyev şənbə günü Bakıda Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra bəyan edib ki, Azərbaycan qazına tələbat Avropa qitəsində ildən-ilə artacaq.
Əliyev mətbuata bəyanatında qeyd edib ki, Azərbaycanın resursları, sərmayə qoymaq üçün maliyyəsi, Gürcüstan kimi etibarlı dostları, geniş tranzit imkanları var. “Belə olan halda, bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək. Gürcüstan və Azərbaycan burada iki etibarlı tərəfdaş kimi çıxış edir”, - o vurğulayıb.
Azərbaycan lideri həmçinin qeyd edib ki, Bakı və Tbilisi yeni layihələr üzərində də işləyir və onlardan biri yaşıl enerji layihəsidir.
Azərbaycanın və Gürcüstanın digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başladığını vurğulayan dövlət başçısı əlavə edib: «Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm də Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var”.
Hazırda Avropada 6 ölkənin Azərbaycan qazı almaq üçün müqaviləsi var. Azərbaycandan qazı ixracının təxminən 50%-i Avropa ölkələrinin payına düşür. **
V.Əliyev