Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, Bakı və Tbilisinin gələcək üçün böyük planları var, bunun üçün tərəflər bir sıra layihələri icra etməyi planlaşdırırlar.
“Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq qlobal kontekstdə də olduqca vacibdir. Gürcüstan regionda sabitliyə maksimum dərəcədə töhfə verməyə çalışır və bunu gələcəkdə də davam etdirəcək. Bizim birlikdə təməlini qoyduğumuz bir sıra layihələr var və onlar strateji əhəmiyyət daşıyır. Gələcək üçün çox böyük planlarımız var”, - Kobaxidze şənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.
Onun sözlərinə görə, sülh məsələlərinə xüsusi diqqət yetirilməlidir.
Kobaxidze vurğulayıb ki, Gürcüstanla Azərbaycan arasında münasibətlər çox möhkəm təməl üzərində qurulub: “Hazırda bizim siyasi, iqtisadi və digər səviyyələrdə çox gözəl dialoqumuz var, müsbət dinamika mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir”.
Baş nazir əlavə edib ki, tərəflər “bundan sonra da bu dostluğu, əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirmək üçün əlindən gələni edəcək”. **
A.Əzizov