Bazar günü Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzəyə Pakistanın şimal-qərb bölgəsində terrorçuların hücumu nəticəsində hərbi qulluqçuların şəhid olması ilə əlaqədar başsağlığı ünvanlayıb.
"Pakistanın şimal-qərb bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik”, - məktubda deyilir.
Beynəlxalq KIV-in Pakistan hökumətinə istinadən verdiyi məlumata görə, martın 16-da yük maşını-kamikadzenin partlaması və Əfqanıstan sərhədi yaxınlığında regional hərbi bazaya odlu silahla hücum nəticəsində ən azı yeddi əsgər, o cümlədən iki zabit həlak olub və çox sayda yaralı var.
Hadisə Şimali Vəziristanın qeyri-sabit sərhəd rayonunda baş verib, burada qadağan olunmuş «Təhrik-i Taliban Pakistan» (TTP) təşkilatı ilə əlaqəli yaraqlılar mütəmadi olaraq hücum edirlər.
Pakistanın hərbi və hökumət rəsmiləri bildirirlər ki, Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə qayıtdıqdan etibarən Pakistanda TTP rəhbərliyi altında yaraqlıların hücumlarının sayı kəskin artıb. Zorakılıq nəticəsində polis və hərbçi də daxil olmaqla 2 minə yaxın pakistanlı həlak olub. **
X.Nəsirzadə